İngiltərədə qapıçıların vaxt uzatmasının qarşısını almaq məqsədilə yeni qaydanın sınaqdan keçirilməsi planlaşdırılır.
BBC-nin məlumatına görə, əgər qapıçı meydanda tibbi yardıma ehtiyac duyarsa, komandanın baş məşqçisi 10 saniyə ərzində dördüncü hakimə 1 dəqiqəlik cəza alacaq meydan oyunçusunun adını bildirməlidir. Bu müddətdə seçim edilməzsə, komandanın kapitanı avtomatik olaraq cəza çəkəcək.
Beləliklə, qapıçıya tibbi yardım göstərilən vaxt komanda bir dəqiqə azlıqda mübarizə aparacaq. Məqsəd qapıçıların komandaya fasilə qazandırmaq üçün bilərəkdən həkimləri meydana çağırmasının qarşısını almaqdır.
Qayda qapıçıya qarşı qayda pozuntusu törədildiyi, onun qanaxması və ya ciddi zədə aldığı hallarda tətbiq olunmayacaq. Həmçinin qapıçı ilə meydan oyunçusunun təsadüfi toqquşması zamanı da cəza nəzərdə tutulmur.
Eksperiment İngiltərə Futbol Assosiasiyası (FA), Premyer Liqa, digər yüksək kişi liqaları və Qadınlar Super Liqası (WSL) tərəfindən dəstəklənib. Lakin qaydanın qüvvəyə minməsi üçün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) təsdiqi tələb olunur.
IFAB razılıq verərsə, yeni qayda avqustda start götürəcək İngiltərə Liqa Kubokunun ilk mərhələsindən etibarən sınaqdan keçiriləcək. Eksperimentin nəticələri qiymətləndirildikdən sonra qaydanın 2027/2028 mövsümündən etibarən rəsmi futbol qaydalarına daxil edilib-edilməyəcəyinə qərar veriləcək.