Fransa Liqa 1-in son turu böyük qalmaqalla başa çatıb. “Nant”ın baş məşqçisi Vahid Xalilhodjiç tribunalardakı “yanğını” söndürə bilmədiyi üçün paltardəyişmə otağında göz yaşlarına hakim ola bilməyib. Təcrübəli mütəxəssis baş verənləri “Sanki dünya başıma uçdu” sözləri ilə ifadə edib.
“Nant” və “Tuluz” arasında keçirilən ev oyunu birinci hissənin ortalarında dayandırılıb. “Nant”ın qapısı arxasında yerləşən maskalı fanatlar meydana pirotexniki vasitələr atdıqdan sonra qoruyucu çəpərləri yararaq yaşıl meydançaya axışıblar.
Futbolçular dərhal “Stad de la Bojuar” stadionunun tunelinə tərəf qaçaraq canlarını qurtarsalar da, “Nant”ın sükanı arxasında olan Xalilhodjiç təkbaşına aqressiv kütlənin qarşısına çıxıb və onları sakitləşdirməyə çalışıb.
Lakin Xalilhodjiçin bu fədakarlıq cəhdi heç bir nəticə verməyib. Onu güclə hadisə yerindən uzaqlaşdırıblar. Az sonra “Nant”ın paltardəyişmə otağından yayılan fotoda təcrübəli məşqçinin ağladığı əks olunub. Matçdan sonrakı mətbuat konfransında da Xalilhodjiç daxili sarsıntısını gizlədə bilməyib: “Bu, sadəcə rüsvayçılıqdır. Deməyə başqa söz tapa bilmirəm, çox kədərlidir.”
Xalilhodjiçin klubdakı gələcəyi bu oyundan əvvəl artıq bəlli idi – o, postunu tərk edəcəkdi. Təcrübəli çalışdırıcı klubdakı karyerasını ləyaqətli şəkildə başa vurmaq istəsə də, hadisələr tam fərqli məcrada cərəyan etdi: “Mənə elə gəldi ki, bütün dünya üzərimə çökür”.
RMC Sport-un məlumatına görə, bu qalmaqalı arxasında klubun radikal ultras qrupu olan “Brigade Loire” dayanır. Bildirilir ki, azarkeşlər hələ matç başlamazdan əvvəl “Nant”ın sahibi Valdemar Kitanın istefası tələbi ilə aksiya keçiriblər, isinmə hərəkətlərinə zamanı isə ğz futbolçularını fitə basıblar.