Futbol üzrə DÇ-2026-nın İspaniya ilə final matçından sonra Argentinada kütləvi imzatoplama kampaniyasına start verilib. Turnirin nəticəsindən narazı qalan minlərlə azarkeş final oyununun yenidən keçirilməsi tələbi ilə FİFA-ya müraciət edib.
İspaniyaya qarşı kobud və aqressiv oyunu ilə diqqət çəkən Argentina millisinin fanatları, finalda aşkar haqsızlığa uğradıqlarını iddia edirlər. change.org platformasında Gizela Sançes adlı azarkeş tərəfindən başladılan petisiyanı qısa müddətdə 96 mindən çox insan imzalayıb.
Petisiyada qarşılaşmanı idarə edən sloveniyalı baş hakim Slavko Vinçiç açıq şəkildə İspaniyanın tərəfini tutmaqda və korrupsiyada ittiham olunur: «Final oyunu hakimin şübhəli və korrupsiyalaşmış qərarlarının kölgəsində qaldı. Onun oyunun nəticəsinə təsir etmək üçün rüşvət aldığına dair video-sübutlar var. Bu, təkcə Argentina üçün deyil, bütövlükdə dünya futbolunun gələcəyi üçün ədalət məsələsidir. İdmanın hər səviyyəsində hakimlərin dürüstlüyünü təmin etməliyik».
Milyonların sevimli idman növünü qorumaq niyyətində olduğunu bildirən Sançes, ali futbol qurumunu təcili addım atmalarma səsləyib: «FİFA-nı bu hadisələri ciddi və şəffaf şəkildə araşdırmağa, bu dəfə korrupsiyalaşmış hakimin müdaxiləsi olmadan final oyununun təkrar keçirilməsi imkanını nəzərdən keçirməyə çağırırıq».
Həftənin əvvəlində başladılan və sosial şəbəkələrdə böyük rezonans doğuran petisiyada imzaların sayı sürətlə artmaqda davam edir.