Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin Almaniya karyerası vaxtından əvvəl başa çata bilər. 27 yaşlı forvardın formasını geyindiyi “Kayzerslautern” klubundan ayrılacağı gözlənilir.
Almaniya mətbuatının yaydığı məlumata görə, Mahir Emreli ilə komandanın baş məşqçisi Torsten Liberkneht arasındakı münasibətlər kəskinləşib. Bildirilir ki, tərəflər arasında yaranan gərginlik fonunda futbolçu artıq 2-ci Bundesliqa təmsilçisində qalmaqda maraqlı deyil.
Vəziyyəti daha da qəlizləşdirən məqam isə Mahirin sosial şəbəkədəki son paylaşımı olub. “Arminiya” ilə matçdan (2:0) sonra instaqram hesabında “Həqiqət hər zaman üzə çıxır. Davam et” sözlərini yazan hücumçunun bu addımı klub daxilində birmənalı qarşılanmayıb. Alman mətbuatı bu mesajın birbaşa baş məşqçiyə ünvanlandığını iddia edir.
Mövcud gərginlik səbəbindən azərbaycanlı forvardın mövsümün sonunda komandadan ayrılma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Kayzerslautern”lə 3 illik müqavilə imzalamışdı. Lakin görünən odur ki, tərəflər arasındakı “soyuq müharibə” bu əməkdaşlığın qısa sürməsinə səbəb olacaq.