“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə keçirilən cavab matçında (2:0, ilk oyun – 0:1) zədələnib.
Klubun tibbi heyətinin apardığı müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələ vətərində qismən cırılma müəyyən olunub. Həkimlərin nəzarəti altında müalicə və reabilitasiya kursu keçən milli üzvünün sıraya dönməsinin təxminən iki həftə vaxt aparacağı gözlənilir.
Bu səbəbdən Elvin Cəfərquliyev Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna qarşı keçiriləcək hər iki qarşılaşmanı buraxmalı olacaq.
“Qarabağ”ın “Tvente” ilə pley-off çərçivəsindəki oyunları yaxın 10 gün ərzində – avqustun 20-də və 27-də baş tutacaq.