UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq Kiyev “Dinamo”su cavab matçı ərəfəsində növbəti kadr problemləri ilə üzləşib.
Ukrayna təmsilçisinin aparıcı oyunçularından hesab edilən polşalı müdafiəçi Tomaş Kendzera bu görüşdə komandasına kömək edə bilməyəcək. Ukraynanın “TaToTake” nəşrinin yaydığı məlumata görə, təcrübəli futbolçu Bakıya yollanan heyətin siyahısına daxil edilməyib. Buna səbəb onun səfər öncəsi keçirilən son məşq prosesində orta dərəcəli beyin silkələnməsi xəsarəti almasıdır. Həkimlərin rəyinə əsasən, polşalı arxa xətt oyunçusunun kollektiv məşqlərə ən tez bir həftədən sonra dönəcəyi gözlənilir.
“Ağ-mavilər”in “Qarabağ”la görüş öncəsi itkiləri təkcə Kendzeranın yoxluğu ilə məhdudlaşmır. Müxtəlif zədələr səbəbindən Ruslan Neşçeret, Aleksandr Pixalyonok və Nazar Voloşin də Bakıdakı həlledici qarşılaşmanı buraxmaq məcburiyyətində qalıblar.
Xatırladaq ki, daha əvvəl 2017-2024-cü illərdə də Kiyev klubunun şərəfini qorumuş Tomaş Kendzera, bu ilin yay transfer pəncərəsində təqribən 1 milyon avro təzminat müqabilində Yunanıstanın PAOK komandasından ayrılaraq yenidən “Dinamo”ya qayıtmışdı.