Dünya Çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində Lionel Messi ilə ABŞ Prezidenti Donald Tramp arasındakı epizod sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İspaniyanın əlavə vaxtda 1:0 hesablı qələbəsi ilə başa çatan final matçından sonra gümüş medallarla kifayətlənməli olan Argentina yığmasının futbolçuları mükafatlandırma mərasimində olduqca məyus görünürdülər. Oyunçuların medalları emosiyasız və mexaniki şəkildə qəbul etməsi həmişə diqqət mərkəzində olmağı sevən Donald Trampın ürəyincə olmayıb.
FİFA prezidenti Canni İnfantino ilə birlikdə medalları təqdim edən ABŞ prezidenti ilə Lionel Messi arasındakı anlar xüsusilə diqqət çəkib. İnternetdə sürətlə yayılan kadrlardan görünür ki, argentinalı ulduz siyasətçiyə xüsusi əhəmiyyət vermədən onun yanından sürətlə keçməyə çalışır. Yalnız Trampın cəhdindən sonra Messi qısaca ona tərəf çevrilir.
Tanınmış jurnalist Don Van Natta Jr. “X” platformasında bu vəziyyəti belə şərh edib: “Messi Trampı, demək olar ki, görməzdən gəldi”.
ABŞ prezidentinin DÇ-2026 zamanı diqqət mərkəzinə düşdüyü ilk hadisə deyil. Bundan əvvəl Trampın amerikalı hücumçu Folarin Baloqunun cəza məsələsinə müdaxiləsi də idman ictimaiyyətində kəskin etirazla qarşılanmışdı.