İspaniya millisi tarixində ikinci dəfə dünya çempionluğu sevincini yaşayır. 16 il əvvəl finalın qəhrəmanı Andres İnyesta olmuşdusa, bu dəfə İspaniyaya qələbəni Ferran Torres qazandırdı.
106-cı dəqiqədə həlledici qola imza ataraq matçın ən yaxşı oyunçusu seçilən “Barselona”nın hücumçusu hisslərini belə bölüşüb: “Bu qol təkcə meydandakıların deyil, 47 milyon ispaniyalının gücü sayəsində vuruldu. Qismət belə imiş. Argentinaya, xüsusən də rəqib qismində Lionel Messiyə qarşı oynamaq istər-istəməz təzyiq yaradır. Lakin biz həmişə özümüzə inandıq, oyunumuzu diktə etdik və yenə də bacardıq”.
Turnir boyu davamlı olaraq sərt tənqidlərə məruz qalan Torres həlledici qolun onun üçün böyük rahatlıq olduğunu gizlətməyib: “Çox tənqid olunurdum, bu gün isə böyük bir yükdən azad oldum. Tanrı hər zaman güc verir və sonda uğuru ən çox haqq edənlərə bəxş edir”.
İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente komandası ilə qürur duyduğunu bildirib: “Bu futbolçu nəsli əsl komanda və ailə nümunəsidir. Onlarla bu yolda addımlamaq, kənardan bu cür möhtəşəm kollektivi izləmək böyük şərəfdir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm, amma qazanılan bu nəticə çəkilən bütün əziyyətlərə dəyər”.
Mütəxəssis matçın taleyini daha tez həll edə bilməmələrinin səbəbini də açıqlayıb: “Emiliano Martinesin qurtarışları işimizi çətinləşdirdi. Dəfələrlə fərqlənməyə çalışsaq da, alınmadı. Rəqib sonadək azlıqda oynasa da, dözməli və əziyyət çəkməli olduq. Amma biz hər cür ssenariyə, o cümlədən əziyyət çəkməyə də hazır idik!”.