Argentina millisi üçün DÇ-2026 İspaniyaya qarşı 0:1 hesablı məğlubiyyətlə başa çatdı. Bu nəticə təkcə turnirlə vidalaşmaq deyil, həm də komandanın liderləri – baş məşqçi Lionel Skaloni və kapitan Lionel Messinin milli karyerası ilə bağlı ciddi suallar doğurdu.
2018-ci ildən komandanı çalışdıran 48 yaşlı Skaloni rəhbərliyi dönəmində Argentina futboluna “qızıl dövr” yaşadıb. Onun rəhbərliyi altında komanda iki dəfə Amerika Kubokunu və dörd il əvvəl Qətərdə keçirilən DÇ-ni qazanıb. Lakin cari ilin dekabrında müqaviləsi başa çatan mütəxəssis ayrılığa işarə vurur.
Mətbuat konfransında gələcəyi ilə bağlı sualı cavablandırarkən emosional anlar yaşayan Skaloni göz yaşlarını saxlaya bilməyib: “Prezidentə bu imkan üçün minnətdaram. Komanda olaraq əlimizdən gələni etdik, lakin indi bir qədər fasilə verib vəziyyəti təhlil etməyə ehtiyac var. Yenidən başlamaq və yeni bir heyət formalaşdırmaq kifayət qədər çətin və zaman tələb edən prosesdir”.
Skaloninin bu səmimi etirafı zalda jurnalistlərin alqışları ilə qarşılanıb. Messinin millidəki gələcəyinə gəlincə, baş məşqçi hələ kapitanla bu mövzuda danışmadığını bildirib: “39 yaşında etdikləri sadəcə inanılmazdır. Onun millidə nə qədər oynayacağı öz qərarıdır və komanda yoldaşları və azarkeşlər hər zaman onun yanındadır. Messinin bu və ötən çempionatlarda qazandıqları ilə yalnız qürur duymalıyıq”.
Məğlubiyyətin ardınca gələn bu emosional açıqlamalar, argentinalı azarkeşləri “dövrün sonu” ilə bağlı ciddi düşüncələrə sövq edib.