Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz “Qarabağ”la qarşılaşacaq Bolqarıstanın ÇSKA klubu yeni mövsümə xal itkisi ilə başlayıb. Birinci Liqanın açılış turunda “Slaviya” ilə üz-üzə gələn “hərbiçilər” meydandan qolsuz bərabərliklə ayrılıb.
Xristo Yanevin rəhbərlik etdiyi kollektiv matçın böyük hissəsində topa nəzarət etsə də, “bəyazlar”ın müdafiə səddini yara bilməyib. Hücum xəttindəki kəsərsizlik və real qol epizodlarının azlığı “qırmızılar” üçün yenidən əsas problemə çevrilib. Bu nəticə nikbinlikdən daha çox, komandanın oyunu ilə bağlı ciddi suallar yaradıb.
Matçdan sonra azarkeşlərin səbri daşıb. Futbolçuları kütləvi şəkildə fitə basan fanatlar, qonaq sektorundan dəfələrlə “İstefa!” şüarları səsləndiriblər. Bununla da onlar klub rəhbərliyinə və yeni mövsümə belə zəif başlanğıca kəskin etirazlarını bildiriblər.
Ancaq bolqarlar hesab edir ki, dərin analizlər aparmaq üçün vaxt daralır. Cəmi üç gün sonra ÇSKA-nı mövsümün əvvəlindəki ən ciddi sınaqlardan biri gözləyir. “Qırmızılar” Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaqlar. Bolqarıstan təmsilçisi paytaxtımızda müsbət nəticəyə ümid etmək üçün oyun planında köklü dəyişikliklər etməyə çalışacaq. İnanırıq ki, istənilən halda, “Köhlən atlar” ilk oyunu arzuolunan nəticə ilə başa vuracaqlar.