Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin üç təmsilçisi tatami üzərinə çıxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan iki idmançımız bürünc medal qazanmaq şansını qoruyub saxlayır. Turnirə inamlı start verən Nizami İmranov, ilk görüşündə qazaxıstanlı Yerdaulet Bozşanı məğlub edərək növbəti mərhələyə adlayıb. Lakin 1/4 finalda Rusiya təmsilçisi İlya Abuladzeyə məğlub olaraq əsas toru tərk edib. İndi cüdoçumuz bürünc medal üçün təsəlli qrupunda mübarizə aparacaq. Onun bu yolda ilk rəqibi fransalı Simon Lesavaj olacaq.
Eyni çəki dərəcəsində yer alan digər təmsilçimiz İslam Rəhimov da ilk mərhələdə Qazaxıstan idmançısı Nursultan Zaizaqaliyevə qalib gəlib. O, yarımfinalın bir addımlığında meydan sahibi Nurali Emomali (Tacikistan) ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. Rəhimov bürünc medal şansını dəyərləndirmək üçün təsəlli görüşündə Ukrayna cüdoçusu Vadim Çernovla üz-üzə gələcək.
Yarışın reytinq xallarına əsasən ilk mərhələdən azad olan Murad Muradlı (60 kq) turnirə gözləniləndən tez veda edib. O, çıxış etdiyi ilk qarşılaşmada özbəkistanlı Məhəmmədcon Maşaripova məğlub olaraq mübarizəni dayandırıb.