UEFA 2025/26 mövsümünün avrokubok finallarını idarə edəcək hakim briqadalarını açıqlayıb. Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında ədaləti Daniel Zibert qoruyacaq.
Mayın 30-da Budapeştdə baş tutacaq “Pari Sen-Jermen” (PSJ) – “Arsenal” final qarşılaşmasının baş hakimi Daniel Zibert olacaq. 2015-ci ildən beynəlxalq dərəcəli hakim olan 42 yaşlı almaniyalı referi karyerasında ilk dəfə UEFA klub turnirlərinin finalına təyinat alıb.
Zibert cari mövsümdə Çempionlar Liqasında 9 qarşılaşmanı idarə etməklə böyük təcrübə toplayıb. Maraqlıdır ki, o, “Arsenal”ın yarımfinalda “Atletiko Madrid” üzərində 1:0 hesablı qələbə qazandığı cavab matçının da baş hakimi olub. Təcrübəli hakim, həmçinin Avro-2020-də üç, Avro-2024-də isə iki qarşılaşmada söz sahibi olub.
UEFA digər turnirlərin final matçlarını idarə edəcək hakimləri də açıqlayıb. Mayın 20-də İstanbulda keçiriləcək Avropa Liqasının “Frayburq” – “Aston Villa” finalı fransalı Fransua Leteksyeyə həvalə olunub. Xatırladaq ki, Leteksye Avro-2024-ün final qarşılaşmasının da baş hakimi olub. Mayın 27-də Leypsiqdə baş tutacaq Konfrans Liqasının “Kristal Pelas” – ‘Rayo Valyekano’ duelində isə ədaləti italiyalı Mauritsio Mariani qoruyacaq.
Qadınlar arasında Çempionlar Liqasının finalı mayın 23-də Osloda təşkil olunacaq. “Barselona” və “’Lion” arasındakı gərgin mübarizəni isveçli hakim Tess Olofsson idarə edəcək.