Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları arxada qaldı. Təmsilçimiz “Sabah”ın Buxarestdə İsrailin “Hapoel Beer-Şeva” kollektivi ilə üz-üzə gəldiyi gecədə, qitənin müxtəlif yaşıl meydanlarında həlledici cavab matçları öncəsi bir-birindən maraqlı nəticələr qeydə alınıb.
“Bayquşlar” nominal ev sahibi “Hapoel Beer-Şeva”ya qarşı əzmkar mübarizə aparsa da, meydandan məğlubiyyətlə ayrılıb. Təmsilçimiz matça sürətli başlayaraq artıq 6-cı dəqiqədə Simiçin qolu ilə hesabı açıb. Lakin rəqib ilk hissənin sonlarında İstin dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. İkinci hissədə təzyiqi artıran “Hapoel”, 79-cu dəqiqədə Zlatanoviçin künc zərbəsindən gələn asmanı başla qapıya göndərməsi ilə 2:1 hesablı qələbə qazanıb. İsrail klubu cavab qarşılaşmasına minimal üstünlüklə yollanacaq.
Şotlandiyanın “Seltik” klubu öz meydanında Avstriyanın LASK kollektivini sınağa çəkib. Qlazqo təmsilçisi inamlı oyunla rəqibini darmadağın edib – 3:0. Hesabı 26-cı dəqiqədə cərimə meydançasından kənardan vurduğu baxımlı qolla Bencamin Nüqren açıb.
Daha sonra səhnəyə “Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran çıxıb. O, 38-ci dəqiqədə demək olar ki, eyni nöqtədən – cərimə meydançasının xaricindən topu bir toxunuşla tora göndərərək Şotlandiya azarkeşlərinə əsl coşqu yaşadıb. Dayanmaq bilməyən Duran matçın 67-ci dəqiqəsində bir daha fərqlənərək dubl edib və qarşılaşmanın yekun hesabını müəyyənləşdirib.
Norveçin “Bude Qlimt” komandası Niderlandda “Neymegen”i məğlub edərək (3:1) turnirin əsas mərhələsinə vəsiqə üçün böyük üstünlük əldə edib. Qonaqlar 25-ci dəqiqədə Hauqenin ötürməsini qola çevirən Fet ilə önə keçiblər. Fasiləyə qədər Helmersen penaltidən fərqlənərək fərqi ikiyə çatdırıb. İkinci hissənin əvvəlində künc zərbəsindən sonra başla fərqlənən Alesami hesabı darmadağın səviyyəsinə gətirib. Ev sahiblərinin təsəlliverici tək qoluna isə 85-ci dəqiqədə Bişoff imza atıb.
Bratislavada “Slovan” və Sloveniyanın “Çelye” komandaları arasındakı duel 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ev sahibləri 15-ci dəqiqədə Çerepkayın qolu ilə önə keçsələr də, “Selye” 41-ci dəqiqədə Avdilinin cavab qolu ilə matçın intriqasını bərpa edib. Qarşılaşmanın sonuna qədər başqa qol qeydə alınmayıb və hər iki komanda Sloveniyadakı həlledici matç öncəsi şanslarını bərabər saxlayıb.
Çempionlar Liqası. Pley-off mərhələsi, ilk oyunlar
“Hapoel Beer-Şeva” – “Sabah” 2:1
İst, 43, Zlatanoviç, 79 – Simiç, 6
Baş hakim: Davide Massa (İtaliya)
“Hapoel”: Ofir Marsiano, Migel Vitor (k), İtay Rotman, Qay Mizraxi, Pedru Amador, Niv İeoşua (Məhəmməd Kənan, 85), Lukas Ventura, Eliel Perets, Ceyvon İst (Məhəmməd Əbu-Rumi, 71), Zahi Əhməd (Amir Qanax, 66), İqor Zlatanoviç (Yonas Malede, 85)
“Sabah”: Stas Pokatilov (k), Stiv Solve (Junior Almeyda, 89), Rəhman Daşdəmirov, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Umarəli Rəhmonəliyev, Aleksey İsayev (Kristian Nvaçukvu, 74), Velko Simiç, Ksander Severina (Orfe Mbina, 56), Coy-Lans Mikkels
Sarı vərəqələr: Vitor, Rotman, Qanax.
Buxarest (Rumıniya), “Culeşti” stadionu.
“Seltik” – LASK 3:0
Nüqren, 26, Duran, 38, 67
“Neymegen” – “Bodo-Qlimt” 1:3
Bişoff, 85 – Fet, 25, Helmersen, 44-pen., Alesami, 50
“Slovan” – “Selye” 1:1
Çerepkay, 15 – Avdili, 41
