Belçika yığmasının sükanı niderlandlı mütəxəssis Mark van Bommelə tapşırılıb. 49 yaşlı çalışdırıcı ilə AVRO-2028-in sonunadək müqavilə bağlanıb.
Van Bommel bu postda müqaviləsi başa çatan Rudi Qarsiyanı əvəzləyib. Fransalı mütəxəssisin rəhbərliyi altında “qırmızı şeytanlar” DÇ-2026-nın 1/4 finalına qədər irəliləsə də, gələcək çempion İspaniyaya 1:2 hesabı ilə yenilərək mübarizəni dayandırmışdı.
Futbolçu kimi PSV, “Barselona” və “Bavariya”dakı çıxışları ilə tanınan van Bommel məşqçilik karyerası ərzində PSV, “Volfsburq” və “Antverpen”i çalışdırıb. O, Belçika klubundakı ilk mövsümündə daxili arenada çempionluq, ölkə kuboku və superkuboku qazanaraq het-trikə imza atmışdı.
Niderlandlı mütəxəssisin Belçika yığmasındakı debütü sentyabrın 25-də Millətlər Liqası çərçivəsində İtaliyaya qarşı səfər matçında olacaq. Qeyd edək ki, “qırmızı şeytanlar”ın yer aldığı qrupda İtaliya ilə yanaşı Fransa və Türkiyə milli komandaları da mübarizə aparır.