“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Sumqayıt”la qolsuz bərabərliklə (0:0) yekunlaşan yoxlama görüşündən sonra komandasının hazırlıq prosesini və transfer planlarını dəyərləndirib.
Baş məşqçi hər matçda inkişaf gördüyünü bildirərək, əsas diqqətin çatışmazlıqların aradan qaldırılmasına və heyətin formalaşdırılmasına yönəldiyini vurğulayıb: “Bu, artıq üçüncü sınaq matçımız idi. Hər oyundan sonra komandada irəliləyiş hiss edirəm. Hazırda bizi düşündürən əsas məsələ futbolçuların zədədən qorunmasıdır. Eyni zamanda, həm fiziki, həm də taktiki planda müsbət və mənfi tərəflərimizi təhlil edirik. Uşaqlar özlərini yaxşı tərəfdən göstərirlər, lakin qarşıda hələ çox işimiz var.
Bəzi mövqeləri gücləndirməyi planlaşdırırıq və yaxın günlərdə bizə bir neçə yeni oyunçu qoşulacaq. Qarşıda daha iki yoxlama matçımız var. Həmin görüşlərədək heyəti 90 faiz formalaşdırmağa çalışacağıq. Meydanda göstərdikləri əzmkarlığa görə futbolçulara, yoxlama matçı olmasına rəğmən tribunada bizi tək qoymadıqları üçün isə azarkeşlərə təşəkkür edirəm”.