Premyer Liqanın III turunda doğma meydanda “Turan Tovuz”u minimal hesabla məğlub edən “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Gəncə təmsilçisinin çalışdırıcısı yeni stadiondakı ilk qələbənin əhəmiyyətindən və komandanın oyunundan danışıb.
Gəncədə inşa olunan yeni stadionun əhəmiyyətini vurğulayan baş məşqçi azarkeşlərə təşəkkür edib: “İlk növbədə, bu möhtəşəm stadionun şəhərimiz və ölkəmiz üçün ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Yeni arenadakı ilk matçımızda qələbə qazanmaq sevincimizi daha da artırdı. Azarkeşlərimizin dəstəyi sadəcə qüsursuz idi. Arzu edirəm ki, ölkəmizin hər yerində tribunalar belə dolu olsun və eyni coşğu hökm sürsün”.
Matçın gedişatını şərh edən Məmmədov rəqibin gücünə diqqət çəkib: “Çox güclü rəqiblə qarşılaşdıq. ‘Turan Tovuz’un səliqəli müdafiə xəttinə malik olduğunu təhlillər zamanı da qeyd etmişdim. Futbolçularımı əzmkar oyuna görə təbrik edirəm. Görüşün əvvəlində həyəcan və gərginlik səbəbindən ilk 15-20 dəqiqədə bir qədər çətinlik çəkdik, lakin zamanla tarazlığı bərpa edib hədəfimizə çatdıq”.
Uzun illərdən sonra gəncəli mütəxəssis kimi doğma şəhərdə prinsipial rəqib üzərində qazanılan qələbənin yaratdığı bayram əhval-ruhiyyəsinə toxunan baş məşqçi bu məsələyə birmənalı yanaşmadığını bildirib: “Hesab edirəm ki, ‘Kəpəz’də mütləq Gəncə yetirməsi olan məşqçi işləməlidir fikri tamamilə yanlışdır. Mütəxəssisin haradan olması – istər ölkənin başqa bölgəsindən, istərsə də xaricdən gəlməsi əsas deyil. Vacib olan yalnız peşəkarlıq və bu posta layiq olmaqdır. Keçmişə baxsaq, burada müxtəlif bölgələrdən olan mütəxəssislər də uğurla çalışıblar. Mən bu gün klubun etimadı sayəsində buradayam. Azarkeşlərimiz həmişə qələbəə sevinci yaşamağa layiqdirlər. Biz də onlara bu sevinci bəxş etmək üçün əlimizdən gələni edirik”.