İsveçrənin Bil şəhərində keçirilən ənənəvi şahmat festivalının güclülər qrupu olan “Masters” turnirində final mərhələsinə start verilib. Çempionluq uğrunda mübarizə aparan dördlükdə Azərbaycan təmsilçisi Aydın Süleymanlı ilə yanaşı, Levon Aronyan (ABŞ), Yağız Kaan Ərdoğmuş (Türkiyə) və Le Kuanq Liyem (Vyetnam) yer alıb.
Final mərhələsinin ilk görüşündə şahmatçımız Türkiyə təmsilçisi Yağız Kaan Ərdoğmuşla üz-üzə gəlib. Gərgin keçən partiya sülhlə başa çatıb.
Qeyd edək ki, final mərhələsinə qədər təşkil olunan yarışlarda təmsilçimiz sabit və uğurlu çıxışı ilə diqqət çəkib. Fişer şahmatı (Şahmat-960) və rapid yarışlarını 2-ci pillədə başa vuran A.Süleymanlı, dairəvi sistem üzrə keçirilən klassik şahmat turnirində 1-ci yeri tutub. Rapid göstəricisində isə 3-cü sıranı tutan qrossmeysterimiz bu uğurlu nəticələrlə final mərhələsinə vəsiqəni təmin edib.