Avstraliya millisinin və İtaliyanın “Sassuolo” klubunun yarımmüdafiəçisi Kristian Volpato Sidneydə sürət həddini aşdığı üçün polis tərəfindən saxlanılıb. Futbolçudan götürülən ilkin narkotik testinin kokainə görə müsbət nəticə verdiyi bildirilir.
Məlumata görə, 22 yaşlı futbolçu gecə saatlarında idarə etdiyi BMW markalı avtomobillə sürətin 60 km/saat olduğu ərazidə 109 km/saat sürətlə hərəkət edib. Polis tərəfindən saxlanıldıqdan sonra aparılan ilkin test müsbət nəticə göstərib. Daha sonra götürülən ikinci tüpürcək nümunəsi laborator müayinəyə göndərilib və yekun nəticə hələ açıqlanmayıb. Buna görə də futbolçuya narkotik istifadəsi ilə bağlı hələlik rəsmi ittiham irəli sürülməyib.
Volpato sürət həddini aşdığına görə cərimələnib, beynəlxalq sürücülük vəsiqəsinin qüvvəsi isə Yeni Cənubi Uels ştatında altı ay müddətinə dayandırılıb. Maraqlıdır ki, polis onu həmin gecə bir neçə saat əvvəl də eyni ərazidə sürət həddini aşdığı üçün saxlayıbmış. Həmin vaxt alkoqol testi mənfi çıxıb.
Sidneydə anadan olan Kristian Volpato əvvəlcə İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. Daha sonra milli komandasını dəyişərək Avstraliyanı seçib və bu yaxınlarda başa çatan dünya çempionatında üç oyunda meydana çıxıb. Klub karyerasında hazırda “Sassuolo”nun formasını geyinən futbolçu daha əvvəl “Roma”da da çıxış edib və A Seriyasında debütünü məhz bu klubun heyətində edib.