Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə nüfuzlu “Böyük Dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü tatarmi üzərinə çıxıb.
Kişilərin mübarizəsində 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşid Məmmədəliyev yarışa yüksək templə başlayıb. Turnirin reytinq fazasına görə ilk mərhələdən azad olan cüdoçumuz, start görüşündə meydan sahibi Ersultan Duysexanla (Qazaxıstan) qarşılaşıb. Rəqibi üzərində inamlı qələbə qazanan Məmmədəliyev adını dörddəbir finala yazdırıb.
Qadınların yarışında isə 70 kq çəki dərəcəsində qüvvəsini sınayan Sudabə Ağayeva bəxtsizliklə üzləşib. O, ilk görüşündə təcrübəli Almaniya təmsilçisi Miriam Butkereytlə qarşılaşıb. Gərgin keçən mübarizədə rəqibinə məğlub olan Ağayeva turnirlə erkən vidalaşmalı olub.
Hazırda yığmamızın aktivində hələlik medal yoxdur. Lakin turnirin növbəti günlərində tatamiyə çıxacaq digər təmsilçilərimizin medal ümidləri davam edir.