Mövsümöncəsi keçirilən “Costa del Sol” kubokunun final matçı gözlənilməz qalmaqalla yadda qalıb. İspaniyanın “Malaqa” klubu ilə 2:2 hesablı heç-heçə edən İngiltərə “Fulhem”i penalti seriyasında iştirakdan imtina edərək meydanı tərk edib.
Rəqibin meydandan çıxmasından sonra “Malaqa” futbolçuları növbə ilə boş qapıya penalti zərbələri endirərək 17 mindən çox azarkeşin gözü qarşısında titula sahib çıxıblar.
London təmsilçisinin bu addımına səbəb heç-heçə halında penalti seriyasının keçirilməyəcəyinə dair oyunöncəsi əldə olunmuş razılıq olub. Belə ki, ingilislər Vətənə uçacaq təyyarə reysinə vaxtında çatmaq üçün matçın dərhal bitməsini planlaşdırıblar.
Lakin komandanın baş məşqçisi Alvaro Arbeloa bu müqaviləni referilərə xatırladarkən gözləmədiyi reaksiya ilə qarşılaşıb və qırmızı vərəqə alaraq meydandan qovulub. Hakim qərarına etiraz edən “Fulhem” heyəti stadionu tərk etmək qərarı verib. Hakimlər və “Malaqa” isə meydanda qalaraq “şounu” tamamlayıblar.
“Fulhem” növbəti yoxlama matçını “Ştutqart”a qarşı keçirəcək, avqustun 24-də isə Premyer Liqada yeni mövsümə start verəcək. “Malaqa” isə çempionatın ilk turunda “Atletiko” ilə üz-üzə gələcək.