Millimiz və Polşanın “Rakuv” klubunun hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İsveçin “Hammarbü” komandasına qarşı keçirəcəkləri cavab matçından öncə keçirilən mətbuat konfransına qatılıb.
29 yaşlı forvard qarşılaşmaya ciddi hazırlaşdıqlarını və mərhələ adlamaq üçün yaxşı şanslarının olduğunu bildirib: “Pley-offa yüksəlmək üçün yaxşı imkanımız var. Çox sirr açmaq istəmirəm, amma qaydaları bilirik və meydanda necə oynamalı olduğumuzu dəqiq anlayırıq. Ümid edirəm ki, hər şey bizim xeyrimizə yekunlaşacaq”.
Təcrübəli futbolçu İsveç təmsilçisinin güclü tərəflərini də dəyərləndirib: “Hammarbü” yaxşı təşkil olunmuş komandadır. Topla necə davranmaq lazımdırsa, onu da edirlər. Sürətli və keyfiyyətli oyunçuları var, topa nəzarət etməyi sevirlər. Amma biz də buna uyğun taktiki plan hazırlamışıq. Matçdan əvvəl gözləntilər barədə danışmağı sevmirəm. Bizim işimiz məşq etmək, meydanda və meydandan kənarda nizam-intizama əməl etməkdir. Doğru yolda olduğumuzu bildikdə nəticələrin də gələcəyinə inanıram”.
M.Emreli ilk oyunda əlinə düşən fürsətləri dəyərləndirə bilmədiyini etiraf edib: “Ümid edirəm ki, ilk matçdakı səhvlərimi düzəldə biləcəyəm. Təəssüf ki, həmin görüşdə qol epizodlarından yararlana bilmədim. Buna baxmayaraq, cavab oyunu ilə bağlı nikbinəm, çünki qarşılaşmaya çox yaxşı hazırlaşmışıq”.
Hücumçu matçın keçiriləcəyi süni örtüklü meydançanın onun üçün problem yaratmayacağını vurğulayıb: “Bu cür arenalara öyrəşmişəm. Son bir neçə ildə belə meydançalarda oynamasam da, Azərbaycanda da süni örtüklü stadionalar var. Ona görə də bu, mənim üçün yenilik sayılmır. Şərait hər iki komanda üçün eynidir. “Hammarbü”nün bəlkə də yeganə üstünlüyü hər gün bu meydançada məşq etməsidir. Lakin düşünmürəm ki, bu amil matçın taleyini həll edəcək”.
Daha əvvəl Polşada “Legiya”nın formasını geyinmiş futbolçu yenidən bu ölkəyə qayıtdığı üçün məmnunluğunu ifadə edib: “İndi “Rakuv”da əlimdən gələni etməyə çalışıram. Komandada məni çox samimi qarşıladılar. Əvvəllər Polşada oynamışam və buradakı mühitə, sistemə bələdəm. Özümü komandada rahat hiss edirəm və inanıram ki, “Rakuv”un uğurlarında öz töhfəmi verə biləcəyəm”.