Niderland Kral Futbol Assosiasiyası milli komandanın baş məşqçisi postuna Xavinin təyin olunduğunu rəsmən elan edib. 46 yaşlı ispaniyalı mütəxəssislə 2030-cu il dünya çempionatının sonunadək müqavilə imzalanıb.
Xavi bu vəzifədə DÇ-2026-dan sonra postundan ayrılan Ronald Kumanı əvəzləyib. 2021–2024-cü illərdə “Barselona”nı çalışdıran mütəxəssisin gəlişi Niderland futbolunun fəlsəfəsində yeni dövrün başlangıcı sayılır.
Federasiya rəhbərliyi Xavinin həm Niderland futboluna xas olan dominant və hücumameylli oyunu qoruyub saxlayacağına, həm də gənc akademiyanın istedadlarını əsas heyətə inteqrasiya edəcəyinə inanır. İspaniyalı mütəxəssisin əsas hədəfləri Millətlər Liqasında uğurlu çıxış etmək və komandanı növbəti DÇ-yə hazırlamaqdır.
Niderland Kral Futbol Assosiasiyasının texniki direktoru Naycel de Yonq təyinatı belə dəyərləndirib: “Xavi futbolçu kimi dünya çempionluğu daxil olmaqla mümkün bütün titulları qazanıb. Məşqçi kimi isə bizim görmək istədiyimiz fəlsəfəyə – dominant, baxımlı və müasir futbola uyğunlaşaraq formalaşıb.
O, bu prinsiplərə sadiqdir. Xavinin xarakteri, futbolçuları ruhlandırmaq və komandadan maksimum nəticə almaq bacarığı onu qarşıdakı illər üçün ən doğru seçimə çevirir”.