Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq hücumçusu Artem Milevski UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu öncəsi keçmiş komandasının sərgilədiyi oyunu kəskin tənqid edib. Təcrübəli sabiq futbolçu “Qarabağ”la həlledici qarşılaşmada kiyevlilərin mərhələ adlamaq şanslarına şübhə ilə yanaşdığını gizlətməyib.
Milevski ilk matçın təhlilini apararkən “Dinamo”nun qələbəsini daha çox bəxt amili ilə əlaqələndirib: “İlk oyundan sonra ‘Dinamo’nun qələbəsindən daha çox, ‘Qarabağ’ın özü-özünə necə qol vurmadığı barədə düşündüm. ‘Dinamo’ o qədər çox ‘hədiyyə’ bəxş etdi ki, məğlubiyyətdə yalnız azərbaycanlıların özləri günahkardır. İkinci matçda səhvlər üzərində kim daha yaxşı işləsə, o da mərhələni keçəcək. Ancaq ‘Dinamo’nun qısa müddətdə doğru nəticə çıxaracağına inanmıram. Səhvlərindən dərs götürsələr belə, bu proses onlarda həddindən artıq ləng gedir.
İlk oyundan sonra ‘Dinamo’da hər şeyin yaxşı olduğunu iddia edənlərlə qətiyyən razı deyiləm. Bəlkə bir tək Reduşkoda hər şey qaydasındadır, amma ümumilikdə komanda bərbad oynayır”.
Sabiq hücumçu Kiyev təmsilçisinin meydandakı mənzərəsini “futbol” yox, “əzab” kimi qiymətləndirib: “Daxili çempionatda ‘Veres’lə oyunda rotasiya var idi, bu aydındır. Amma yenə də soruşuram: yapışmağa nə var? Təssüf ki, komanda futbol oynamaqdan çox əziyyət çəkir. Lyublindəki ilk matçda onlar ‘Qarabağ’ı üstələmədilər, sadəcə sona qədər dözdülər. Qaçdılar, müdafiə olundular, haradasa bəxtləri gətirdi, indi isə nədənsə cütün favoriti sayılırlar”.
Milevski “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ilk oyundan doğru nəticə çıxaracağını və komandasının Bakıda ilk dəqiqələrdən təzyiq göstərəcəyini gözləyir: “Qurbanovun nəticə çıxaracağı dəqiqdir. Amma ‘Dinamo’nun bunu bacarıb-bacarmayacağı böyük sualdır. Hələlik komanda operativ reaksiya vermək bacarığı göstərməyib. Azərbaycanda onlar üçün çox ağır olacaq. ‘Qarabağ’ın topa nəzarət edib vaxt itirməyinə lüzum yoxdur, ilk dəqiqələrdən hücuma atılacaqlarını gözləyirəm”.
Kiyev klubunun müdafiə xəttindəki boşluqlara diqqət çəkən Milevski oyunun ehtimal olunan hesabını da açıqlayıb: “İndi ‘Dinamo’nun müdafiəsində hər şey bərbad vəziyyətdədir. Əgər matçın başlanğıcından dərin müdafiəyə çəkilib topu rəqibə versələr, orada nə baş verəcəyini təsəvvür etməyə belə qorxuram. Ssenari təxminən belə olacaq: ‘Qarabağ’ qol vuracaq, ‘Dinamo’ cavab verməyə məcbur qalacaq. Amma qarşılıqlı hücumlar olmayacaq, çünki ‘Dinamo’ buna uyğun komanda deyil. Qaçacaqlar, mübarizə aparacaqlar, dözəcəklər, səhv edəcəklər və haradasa bəlkə bir qol da təsadüfən vurdular. 1:0, 1:1 – ən real hesablardır. Əlavə vaxt və ya penalti seriyası da istisna deyil”.