UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarkanın “Orxus” klubunu Masazırda 4:0 hesabı ilə darmadağın edən “Sabah” (ilk oyun – 1:2) pley-off mərhələsinə vəsiqə qazanmaqla yanaşı, əhəmiyyətli maliyyə gəlirinə də sahib olub.
“Bayquşlar” pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu da mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının liqa mərhələsinə yüksəlsə, hesablarına minimum 18 620 000 avro (təxminən 36,5 milyon manat) daxil olacaq. Bu məbləğ Çempionlar Liqasının liqa mərhələsində iştirak edən hər bir klub üçün UEFA tərəfindən zəmanət verilən ödənişdir.
“Sabah” İsrail təmsilçisinə məğlub olsa çıxışını Avropa Liqasının əsas (liqa) mərhələsində davam etdirəcək və iştirakına görə 4 310 000 avro (təxminən 8,5 milyon manat) qazanacaq.
Bununla yanaşı, Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandıran hər bir komandaya UEFA tərəfindən əlavə olaraq 4 290 000 avro (təxminən 8,4 milyon manat) ödənilir.
Beləliklə, “Sabah” artıq pley-off mərhələsinə yüksəlməklə ən azı 8 600 000 avro (təxminən 16,9 milyon manat) maliyyə gəlirini təmin edib.
Əgər “Sabah” “Hapoel” səddini də keçərək Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazansa, klubun UEFA-dan əldə edəcəyi zəmanətli gəlir 18,62 milyon avroya yüksələcək.