Fransa millisinin sabiq ulduzu Patrik Vieyra Seneqal yığmasının yeni baş məşqçisi olmağa yaxındır. “Foot Mercato”nun məlumatına görə, tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşmaq üzrədir və 50 yaşlı mütəxəssisin yaxın vaxtlarda Papa Tiyaunu əvəzləyəcəyi gözlənilir.
Bununla belə, təyinat hələ rəsmiləşməyib. Seneqal Futbol Federasiyası əvvəlcə Tiyaunun müqaviləsi ilə bağlı məsələləri həll etməli, həmçinin ölkənin İdman Nazirliyinin razılığını almalıdır.
Dakarda anadan olan Vieyra futbolçu karyerası ərzində Fransa millisinin şərəfini qoruyub. Onun Seneqal futbolunu yaxından tanıması və ölkənin məşhur “Diambars” futbol akademiyasının inkişafında iştirak etməsi əsas üstünlüklərindən hesab olunur.
Papa Tiyau komandanın uğursuz nəticələrindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Bundan əlavə, o, Afrika Millətlər Kubokunun finalında Mərakeşlə oyunda futbolçularını penalti qərarına etiraz olaraq meydanı tərk etməyə çağırdığı üçün beş oyunluq cəza alıb. Patrik Vieyra futbolçu kimi Fransa millisinin heyətində 107 oyun keçirib, 6 qol vurub, 1998-ci il dünya çempionu və 2000-ci il Avropa çempionu olub. Klub karyerasının ən parlaq dövrünü isə “Arsenal”da yaşayıb. London klubunun kapitanı kimi üç dəfə İngiltərə çempionluğu, dörd dəfə İngiltərə Kubokunu qazanıb və 2003/04 mövsümünü məğlubiyyətsiz başa vuran əfsanəvi komandanın liderlərindən biri olub.