WWE-nin ulduzu Kodi Rouds norveçli futbolçu Erlinq Holandın peşəkar restlinqdə də uğur qazana biləcəyini düşünür.
“Cimmi Fellon Şousu”nda çıxış edən 41 yaşlı amerikalı Holand haqqında zarafatla danışaraq, saç düzümlərinin oxşarlığını vurğulayıb: “O, yüksək səviyyəli idmançıdır. Bu saç düzümü ilə hətta əmioğlu rolunu oynaya bilərik. Restlinqdə hamı bir-biri ilə qohum olur”, – deyə Rouds bildirib.
O, eyni zamanda Hollivud aktyoru Tom Hollandın rinqdən uzaq qalmasının daha doğru olacağını qeyd edib. Rouds aktyorun uşaqlarının sevimlisi olduğunu xatırladaraq, onun zədə almasını istəmədiyini deyib.
WWE ulduzu ABŞ-ın məşhur amerika futbolçuları Trevis və Ceyson Kelsi qardaşlarının da restlinq üçün ideal namizədlər olduğunu bildirib. Onun sözlərinə görə, hər iki idmançı komanda şəklində çıxış etsə, WWE üçün maraqlı və uğurlu hekayə yarana bilər.
Qeyd edək ki, Kodi Rouds WWE-nin ən tanınmış simalarından biridir. “Amerika kabusu” (“American Nightmare”) ləqəbli restler dəfələrlə WWE çempionu olub və müasir dövrün ən populyar peşəkar restlinq ulduzlarından sayılır.