Bakıda anadan olan və vaxtilə “İnter” (Bakı) klubunu təsis edərək iki dəfə ölkə çempionu etmiş tanınmış mütəxəssis Qeorqi Nikolov Bolqarıstanın “Tema Sport” mətbuatına müsahibəsində Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – ÇSKA (Sofiya) matçını dəyərləndirib. Eyni zamanda ÇSKA azarkeşi olan təcrübəli futbol xadimi Ağdam təmsilçisinin aşkar favorit olduğunu gizlətməyib.
“Qarabağ” Avropa futbolunda sözünü demiş ciddi döyüşçüdür
“Püşkatmada ÇSKA-nın Azərbaycan klubu ilə düşməsini istəyirdim, amma “Qarabağ”la yox (gülür). Bu artıq bir qədər həddini aşmaq oldu. “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür. ÇSKA isə son üç mövsümü uğursuz keçirərək avrokuboklardan kənarda qalıb. Bu qədər uzun fasilədən sonra onlar üçün bu, demək olar ki, yeni bir debütdür. Bu baxımdan Ağdam təmsilçisi böyük üstünlüyə malikdir.
Iştirakçısı olduğum bu qarşılaşmanı qarışıq hisslərlə gözləyirəm. Bəlkə də ÇSKA idman qəhrəmanlığı göstərərək hər bir rəqib üçün təhlükə kəsb etməyə qadir olduğunu sübut edəcək. Düşünmürəm ki, “Ludoqorets”in iki il əvvəl “Qarabağ”a 2:7 hesabı ilə uduzması nəyəsə təsir etsin. Ötən mövsüm “Levski” “Sabah”ı mübarizədən kənarlaşdıra bilmişdi. ÇSKA-nın da öz iddiaları olacaq”.
ÇSKA “Qarabağ”dan geridə qalır
“ÇSKA-nın oyun üslubu hələ tam formalaşmayıb. Bu yay komandaya xüsusilə yarımmüdafiə və hücum xəttinə yeni futbolçular gəlib. Keçmiş ‘İnter’li Stefano Sensinin transferini qeyd etmək kifayətdir. Lakin bir azarkeş kimi hələ ki oyunumuzda dəqiqlik görmürəm.
Hazırkı mərhələdə ‘Qarabağ’ 8 yeni transferinə baxmayaraq, bizdən kəskin dərəcədə təcrübəli və texnikidir. Onlar ‘Vestri’ ilə oyunlarda artıq yüksək səviyyələrini göstərdilər. ÇSKA-nın getməli olduğu hələ çox yol var və bu gün komanda ‘Qarabağ’dan geridə qalır. Hazırda onların Bakı təmsilçisini necə məğlub edə biləcəyini təsəvvür edə bilmirəm. Yalnız idman qəhrəmanlığı və ya bəxt sayəsində…
Bakıda oynamaq çox çətin olacaq. ‘Qarabağ’ın doğma azarkeşləri önündə hətta ən iddialı rəqiblərə qarşı necə aqressiv və usta oyun nümayiş etdirdiyini yaxşı bilirəm. ÇSKA onları təkcə müdafiə olunmaq və əks-hücumla deyil, tam fərqli, sürpriz bir oyunla təəccübləndirməlidir”.ÇSKA-nın Bakıdakı ilk oyunu bu cümə axşamı saat 20:00-da baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra, iyulun 30-da “Vasil Levski” stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.