UEFA prezidenti Aleksander Çeferin FİFA-nın siyasətinə və qəbul etdiyi son qərarlara etiraz əlaməti olaraq, Argentina və İspaniya yığmaları arasında keçirilən mundialın final matçına qatılmaqdan imtina edib.
Ali futbol qurumları arasında gərginliyi pik həddə çatdıran əsas səbəblərdən biri ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğvi olub. FİFA-nın ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra cəzanı ləğv etməsi UEFA tərəfindən çox sərt qarşılanıb.
Qurumun yaydığı bəyanatda məsələyə belə münasibət bildirilib: “Qaydaların tətbiqi bilavasitə onlara cavabdeh olan şəxslər tərəfindən təmin edilmirsə, futbola olan inam və yarışların etibarlılığı təhlükə altına düşür”.
Mənbələrin məlumatına görə, məhz bu qərara yanaşma tərzi Çeferinin finalı boykot etməsində həlledici rol oynayıb.
UEFA həmçinin, FİFA prezidenti Canni İnfantinonun irəli sürdüyü bir sıra kommersiya yönümlü islahatlara, xüsusilə də matçların fasiləsində əyləncə şoularının təşkilinə kəskin etiraz edir. Qeyd edək ki, DÇ-nin finalında Madonna, “BTS”, Şakira və Castin Biber kimi ulduzların çıxışlarına görə ənənəvi 15 dəqiqəlik fasilə 27 dəqiqəyədək uzadılmışdı. Avropa futbol qurumu Çempionlar Liqası və Avropa çempionatlarında belə təcrübənin qətiyyən tətbiq olunmayacağını bəyan edib.
Mundialda bilet qiymətlərinin kəskin bahalaşması da tənqid hədəfinə çevrilib. FİFA-nın bu siyasətinə alternativ olaraq UEFA, 2028-ci ildə keçiriləcək Avropa çempionatı üçün bilet qiymətlərinin stabil qalacağını və ciddi dəyişikliyə məruz qalmayacağını açıqlayıb.