Ölkəmizin gənclərdən ibarət (U-20) millisinin baş məşqçisi Rui Jorje Qəbələ təlim-məşq toplanışının yekunlarına dair mətbuat nümayəndələri üçün brifinq keçirib. Portuqaliyalı mütəxəssis hazırlıq prosesi, komandanın gələcək planları və qarşıya qoyulan hədəflər barədə danışıb.
Hazırlıq prosesini yüksək qiymətləndirən baş məşqçi, əsas diqqəti futbolçuları yaxından tanımağa ayırdıqlarını bildirib: “Hazırlıq plan üzrə davam edir. Çox keyfiyyətli məşqlər keçdik və futbolçuların tapşırıqlara yanaşmasından razıyam. İki həftəlik toplanış müddətində əsas məqsədim yetirmələrimlə yaxından tanış olmaq idi. Məhz bu səbəbdən yoldaşlıq oyunlarına ehtiyac duymadıq. İstəyimiz oyun fəlsəfəmizi və tələblərimizi komandaya tam aşılamaqdır”.
Komandanın oyun üslubu barədə sualları cavablandıran Jorje, azarkeşlərin daha aktiv futbol görəcəyinə işarə vurub: “Taktiki sxem barədə konkret danışmaq hələ tez olsa da, əsas hədəfimiz hücum futbolu sərgiləməkdir. Bu istiqamətdə işləyirik. Təbii ki, bunun üçün yüksək keyfiyyət və daha çox məşq tələb olunur. Futbolçuların öyrənməyə olan həvəsi və inkişaf istəyi məni gələcəyə nikbin baxmağa vadar edir”.
Azərbaycanın ev sahibliyi edəcəyi Dünya Çempionatı barədə danışan mütəxəssis, məsuliyyətin fərqində olduqlarını vurğulayıb: “Biz turnirə ev sahibi statusu ilə qatılacağıq. Bu, seçmə mərhələ oyunlarından tamamilə fərqli bir atmosfer və təzyiq deməkdir. Rəqiblərimizlə aradakı səviyyə fərqini minimuma endirmək üçün dayanmadan çalışmalıyıq. Mən bura keçmişi müzakirə etməyə deyil, gələcəyi qurmağa gəlmişəm. İnanıram ki, biz bütün ölkənin qürur duyacağı bir kollektiv formalaşdıra biləcəyik”.
Baş məşqçi sonda yaradılan şəraitə görə təşəkkürünü bildirib: “Qəbələdə bizi çox yüksək səviyyədə qarşıladılar. Həm infrastruktur, həm də insanların qonaqpərvərliyi mükəmməldir. Bizə dəstək olan hər kəsə minnətdaram”.