Albaniyanın paytaxtı Tiranada start götürən böyüklər arasında Avropa çempionatı yunan-Roma güləşi üzrə Azərbaycan millisi üçün uğurlu uğurlu başlayıb. Yarışın ikinci günündə xalça ustalarımız həm bürünc medalları rəsmiləşdirib, həm də növbəti finalçılarımızın adını müəyyənləşdiriblər.
Günün final blokunda üç təmsilçimiz bürünc medal uğrunda həlledici sınağa çıxıb. Türkiyəli rəqibi Ömər Xalis Rəcəbə heç bir şans tanımayan Rəşad Məmmədov (55 kq), 8:0 hesablı darmadağınla Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Onun uğurunu İslam Abbasov (87 kq) davam etdirib. Təcrübəli güləşçimiz digər Türkiyə təmsilçisi Doğan Kayanı taktiki baxımdan savadlı mübarizə ilə məğlub edərək (5:1) yığmamızın aktivinə növbəti medalı yazdırıb. Ağır çəkidə (130 kq) mübarizə aparan Beka Kandelaki isə ukraynalı rəqibinə minimal fərqlə (1:3) uduzaraq beşinci yerlə kifayətlənib.
Çempionatın ikinci günündə mübarizəyə qoşulan daha 5 güləşçimizdən ikisi bütün rəqiblərini sıradan çıxararaq finala vəsiqə qazanıb:
Üçqat Avropa çempionu titulu ilə xalçaya çıxan Həsrət Cəfərov (67 kq), klassına uyğun performans nümayiş etdirib. İsveç, Bolqarıstan və Gürcüstan təmsilçilərini bir-birinin ardınca məğlub edən Cəfərov, finalda türkiyəli Murat Fıratla qarşılaşacaq.
Keçənilki çempionluq titulunu qorumaq üçün Tiranaya yollanan Qurban Qurbanov (82 kq), yarımfinalda gürcü rəqibi Qela Bolkvadzeni gərgin mübarizədə (2:1) üstələyərək adını finala yazdırıb. Onun həlledici görüşdəki rəqibi Adlet Tülübayev (UWW) olacaq.
Yarışın iddialı adlarından olan Nihat Məmmədli (60 kq), yarımfinalda erməni rəqibinə məğlub olsa da, mübarizəni dayandırmayıb. İkiqat Avropa çempionumuz sabah bürünc medal uğrunda xalçaya çıxacaq.Digər təmsilçilərimiz Ruslan Nurullayev (72 kq) və Murad Əhmədiyev (97 kq) isə rəqiblərinin finala çıxa bilməməsi səbəbindən təsəlliverici görüşlərə qatılmaq şansını itirərək yarışı medalsız başa vurublar.