“FIFA Series” beynəlxalq turniri çərçivəsində Sumqayıtda keçiriləcək Azərbaycan – Syerra-Leone qarşılaşmasından öncə komandaların media proqramı məlum olub. AFFA-nın yaydığı məlumata görə, hər iki yığmanın baş məşqçisi sabah media nümayəndələrinin suallarını cavablandıracaq.
Qonaq komanda – Syerra-Leone millisinin baş məşqçisi 29 mart saat 18:00-da oyunun keçiriləcəyi Sumqayıt şəhər stadionunda (Mehdi Hüseynzadə adına stadion) mətbuat konfransına qatılacaq. Afrikalıların son məşqi isə eyni məkanda saat 19:00-da start götürəcək.
Millimizin baş məşqçisi Ayxan Abbasov isə jurnalistlərlə Mərdəkanda, “Dalğa Arena”da görüşəcək. Baş məşqçinin mətbuat konfransı saat 18:30-da başlayacaq. Komandamızın oyunöncəsi son hazırlıq prosesi isə konfransdan 45 dəqiqə sonra – 19:15-də eyni arenada baş tutacaq.
Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, Azərbaycan və Syerra-Leone yığmaları arasındakı qarşılaşma 30 mart saat 19:00-da Sumqayıtın “Mehdi Hüseynzadə” adına stadionunda keçiriləcək.