Klublarımızın avrokuboklardakı rəqiblərinin çıxışı diqqət mərkəzindədir. Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq Estoniyanın “Payde” klubu daxili çempionatda şok məğlubiyyətlə üzləşib.
Estoniya Premium Liqasının 20-ci turunda səfərdə “Haryu”nun qonağı olan “Payde” meydanı 2:5 hesablı ağır məğlubiyyətlə tərk edib. Baş məşqçi Tarmo Kink “Zirə” ilə oyunu düşünərək heyətdə kəskin rotasiyaya əl atıb – cəmi 3 gün əvvəlki avrokubok matçı ilə müqayisədə start heyətində cəmi iki futbolçu yer alıb. Hətta qapını sonuncu dəfə elitada 2022-ci ildə oynamış 25 yaşlı Mattias Sapp qoruyub.
İlk hissədə müdafiədəki biabırçı səhvlər fonunda buraxılan 5 qol matçın taleyini həll edib. Təmsilçimizin rəqibi hazırda 32 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
“Payde”nin çalışdırıcısı Tarmo Kink oyundan sonra Soccernet TV-yə açıqlamasında uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb: “Start heyətində demək olar ki, 11 oyunçunun hamısını dəyişmişdik. Bu heyətin birlikdə oynamaq təcrübəsi yox idi və oyuna hazır deyildik. Məğlubiyyəti tamamilə öz üzərimə götürürəm. Bu qədər dəyişiklik edəndə hər şeyin rəvan keçəcəyini gözləmək olmaz”.
Müdafiə xəttində ciddi dağınıqlıq və sinxronluq problemi yaşayan Estoniya təmsilçisi, “Zirə” ilə matç öncəsi SOS siqnalı verir.
Xatırladaq ki, “Zirə” ilə “Payde” arasındakı Konfrans Liqasının ilk qarşılaşması 23 iyul tarixində, Pärnu şəhərindəki “Pärnu Rannastaadion”da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.