Premyer Liqasının II tur çərçivəsində ‘Neftçi’ ilə baş tutan qarşılaşmada 0:5 hesablı məğlubiyyətlə üzləşən ‘Araz-Naxçıvan’ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra jurnalistlər qarşısına keçib. Məğlubiyyətə baxmayaraq təmkinini qoruyan baş məşqçi komandanın hazırkı durumunu və qarşıdakı avrokubok iddialarını qiymətləndirib.
Matçı dəyərləndirən baş məşqçi qısa müddətdə buraxılan qolların psixoloji cəhətdən komandaya mənfi təsir etdiyini bildirib: “Meydanda iki tamamilə fərqli hissə izlədik. Arda-arda buraxdığımız qollar oyunun gedişatına ciddi təsir göstərdi və futbolçular bu şokdan tez ayıla bilmədilər. İkinci yarı xarakter baxımından fərqli keçsə də, yenə qol buraxdıq. Meydanda lüzumsuz top itkilərinə yol verdik.
Etiraf etməliyik ki, komandamız hələ tam formalaşmayıb. Rəqibin heyətində keyfiyyətli oyunçuların olduğunu bilirdik və oyunun çətin keçəcəyini təxmin edirdik. ‘Neftçi’ əlinə düşən imkanlardan maksimum istifadə etdi və bu, komandamızın müqavimətini qırdı” .
Uğursuz starta baxmayaraq mövsümün hədəflərindən imtina etmədiklərini vurğulayan Zaur İsmayılov transfer işlərinin yekunlaşdığını da diqqətə çatdırıb: “Məğlubiyyətə baxmayaraq, ötən mövsümlərdə olduğu kimi, bu il də əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Transfer işlərimiz demək olar ki, tamamlanıb, bundan sonra mövcud heyətlə mübarizə aparacağıq.
Qarşıda bizi çətin rəqiblərlə oyunlar gözləyir. Komandanı bu qarşılaşmalara maksimal dərəcədə hazırlaşdırmağa çalışacağıq. Lakin heyətin tam bir komanda şəklində formalaşması üçün nə qədər vaxt lazım gələcəyini indidən demək dəqiq olmaz” .