Premyer Liqanın III turunda “Zirə”yə minimal hesabla uduzan “Neftçi”nin baş məşqçisi Yuri Vernidub matçdan sonra təşkil olunan mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb. Ukraynalı mütəxəssis xalsız qaldıqları Bakı derbisini şərh edərək məğlubiyyətin səbəblərinə toxunub və gələcəyə nikbin baxdıqlarını bildirib.
Uğursuzluğa baxmayaraq çaxnaşmaya gərək olmadığını bildirən Vernidub nəticəni belə dəyərləndirib: “Bu gün məğlub olduq. Futbolda belə nəticələr sıradan hallardır. Rəqibin üzərimizdə aşkar təzyiq qurduğu, bizi tamamilə sıxışdırdığı bir oyun izləmədik. Buna görə də ruhdan düşməyə heç bir əsas yoxdur. Sadəcə, buraxdığımız səhvləri soyuqqanlı şəkildə təhlil etməliyik. Çempionatın hələ III turudur və önümüzdə uzun bir yol var”.
Jurnalistin “90 dəqiqə ərzində real qol vəziyyətinin yaradılmaması” ilə bağlı iddiasına etiraz edən baş məşqçi, komandasının xarakter nümayiş etdirdiyini vurğulayıb: “Məsələyə bir az fərqli bucaqdan baxıram. Qapıya təhlükəli yaxınlaşmalarımız oldu, sadəcə hücumların son nöqtəsini qoymaqda dəqiqlik çatmadı. Hər matçın öz hekayəsi var; ötən tur 5:0 hesabı ilə qələbə qazanmışdıq, bu gün isə fərqli ssenari yaşandı. Təxminən 20 dəqiqə azlıqda oynamağımıza baxmayaraq, təslim olmadıq və irəliyə atıldıq. Tək bir diqqətsizlikdən qol buraxdıq. Həmin epizod olmasaydı, ikinci hissədə tam fərqli bir ‘Neftçi’ görəcəkdik. Futbolçularımın sona qədər döyüşmək həvəsi və meydandakı yanaşması xoşuma gəldi. İndi dincəlib, oyunu təhlil edərək yola devam etməliyik”.
Birinci hissədəki ehtiyatlı futbolla bağlı sualı cavablandıran təcrübəli mütəxəssis, çatışmazlıqların komanda daxilində həll olunacağını bildirib: “İlk yarıda ‘Zirə’nin hansısa ciddi qol imkanı olduğunu xatırlamıram. Düzdür, pressinqimiz istənilən səviyyədə alınmadı, hər iki komanda daha çox uzun ötürmələrə üstünlük verdi ki, bu da heç bir tərəfə xüsusi üstünlük qazandırmadı. Kimin hansı səbəbdən oynaya bilmədiyi və ya fürsətləri dəyərləndirmədiyi bizim daxili mətbəximizdir və bütün bunları öz aramızda ətraflı müzakirə edəcəyik”.v