Kriştianu Ronaldo karyerasının sonunu elan etdi: “Bu, mənim futbolda son ilim ola bilər”
Portuqaliya futbolunun canlı əfsanəsi, 41 yaşlı Kriştianu Ronaldo peşəkar oyunçu karyerasını yekunlaşdırmağa hazırlaşır. Təcrübəli hücumçu növbəti mövsümün onun üçün böyük futbolda sonuncu olacağını istisna etməyib.
2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda forma geyinən və 5 dəfə “Qızıl top”a layiq görülən ulduz futbolçu bu barədə həyat yoldaşı, model Corcina Rodrigeslə birlikdə ABŞ-nin “Vogue” jurnalına müsahibəsində bildirib. Bir müddət əvvəl baş tutan toylarından və gələcək planlarından danışan Ronaldo geridə zəngin bir irs qoymaq niyyətində olduğunu vurğulayıb: “Çox guman ki, bu, mənim futboldakı son ilim olacaq. Əsas məqsədim arxamca möhtəşəm bir irs qoyub getməkdir”.
Səudiyyə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulan hücumçu karyerasını bitirdikdən sonrakı dövr üçün hər şeyi dəqiqliklə planlaşdırdığını qeyd edib. Futboldan gedişin həyatında böyük boşluq yaradacağını bildirən Ronaldo vaxtını müxtəlif sahələrə böləcəyini vurğulayıb. Ulduz futbolçu hazırda da rəhbərlik etdiyi otel şəbəkələri, saç əkimi klinikaları, mineral su brendi və media layihələrinə daha çox vaxt ayırmağı düşünür.
Gələcəkdə daha çox səyahət etmək istədiyini bildirən portuqaliyalı hücumçu xüsusilə padel idman növünə böyük maraq göstərdiyini, həm oynamaqdan, həm də izləməkdən zövq aldığını əlavə edib: “Əldə etdiyimiz uğurların dadını çıxarmaq istəyirik. Axı bu nailiyyətlərin arxasında tam 25 illik fədakarlıq dayanır”.