Premyer Liqanın III turunda “Araz-Naxçıvan”ı minimal hesabla üstələyən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Avrokuboklardakı gərgin mübarizədən sonra Qəbələdə çətin hava şəraitində keçən oyunu dəyərləndirən litvalı mütəxəssis, komandasının nümayiş etdirdiyi xarakterdən və əldə olunan 3 xaldan razı qaldığını bildirib.
Dambrauskas qarşılaşmanın psixoloji və fiziki cəhətdən çətin keçəcəyini əvvəlcədən təxmin etdiklərini vurğulayıb: “Bizi necə ağır bir görüşün gözlədiyini yaxşı dərk edirdik. Avrokuboklarda əlavə vaxta gedən, yüksək emosional gərginliklə keçən matçdan sonra bərpa olunmaq asan deyildi. Üstəlik, oyundan əvvəl yağan güclü leysan da matçın axarına təsir etdi. Stadiona çatanda hətta qarşılaşmanın baş tutub-tutmayacağını bilmirdik. Bütün bunlara baxmayaraq, komandammın nümayiş etdirdiyi oyundan çox razı qaldım. Birinci hissədə tam, ikinci hissənin də böyük bölümündə üstünlük bizim tərəfimizdə idi. Ardıcıl təhlükəli vəziyyətlər yaratdıq. Bəlkə rəqibin cərimə meydançasında son zərbələrdə bir qədər kəsirlərimiz oldu, amma ümumilikdə üstün tərəf idik və bu qələbəyə tam layiq idik”.
Mütəxəssis vurulan qolu və matçın son dəqiqələrindəki gərginliyi də şərh edib: “Qolumuz bir qədər qeyri-adi alındı, rəqib qapıçının səhvindən sonra fərqləndik. Lakin qol qoldur. Əgər qapını toxunulmaz saxlayıb qol vurursansa, deməli, qələbə sənindir. Matçın sonlarına yaxın, xüsusilə hesab 1:0 olarkən rəqib hesabı bərabərləşdirmək üçün irəli atıldı və biz də bir neçə səhv buraxdıq. Xoşbəxtlikdən, qapıçımız bu gün əla formada idi və iki təhlükəli zərbənin qarşısını aldı”.
Təcrübəli çalışdırıcı heyətdə edilən dəyişikliklərin əhəmiyyətini də diqqətə çatdırıb: “İndi ən vacibi Bakıya qayıdıb növbəti oyuna hazırlaşmaqdır. Adım-adım irəliləməliyik. Bu gün 3-4 mövqeyi rotasiya etməyimizdən məmnunam. Mövsümün əvvəlində az şans qazanan futbolçulara özlərini göstərmək üçün imkan yaratdıq. Hər şey planlaşdırdığımız kimi getdi. İndi ancaq irəliyə baxmaq və növbəti matça hazırlaşmaq lazımdır”.