Premyer Liqasının XVII turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Sumqayıt” qarşılaşması (2:1) Azərbaycan futbol tarixinə keçəcək maraqlı məqamlarla yadda qalıb. Tovuzda keçirilən görüş həm nadir təkrarlanan statistika, həm də yubiley qolu ilə diqqət çəkib.
Həm sevindirdi, həm kədərləndirdi: Hayderson Urtado
Matçın ən maraqlı hadisəsi “Turan Tovuz”un müdafiəçisi Hayderson Urtadonun performansı olub. Kolumbiyalı futbolçu görüş ərzində həm rəqib, həm də öz qapısına yol taparaq nadir hallarda rast gəlinən göstəriciyə imza atıb.
Qeyd edək ki, Azərbaycan çempionatlarında bənzər hadisə sonuncu dəfə 427 gün öncə – 24 noyabr 2024-cü ildə qeydə alınmışdı. Həmin vaxt “Sabah” – “Kəpəz” oyununda gəncəlilərin hücumçusu Orxan Əliyev eyni aqibəti yaşamışdı. Urtadodan fərqli olaraq, Əliyev hər iki qolu matçın ilk hissəsində vurmuşdu.
Rəhim Sadıxovdan 30-cu qol
Tovuz klubunun yarımmüdafiəçisi Rəhim Sadıxov üçün “Sumqayıt”la oyun ikiqat bayrama çevrilib. Komandasının qələbəsində pay sahibi olan Sadıxov, ölkə çempionatlarında vurduğu qolların sayını 30-a çatdırıb.
Sadıxovun qol statistikası:
Keçirdiyi oyun sayı: 185
“Sumqayıt”: 17 qol
“Zirə”: 10 qol
“Turan Tovuz”: 3 qol
Tarixi siyahıda 100-cü pillə
Bu qol sayəsində Rəhim Sadıxov Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 104-cü futbolçu olub. Hazırda o, bombardirlər siyahısında 100-cü pilləni ölkə futbolunun tanınmış simaları olan Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemon ilə bölüşür.