Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir.
Azərbaycanı yarışda 11 təmsilçimiz – Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova, Lalə Hüseynova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva və Mələk İsmayıl təmsil edir.
Turnirin ikinci turu şahmatçılarımız üçün qarışıq nəticələrlə yadda qalıb. Turun gedişində Ülviyyə Fətəliyeva, Nərmin Abdinova və Məryəm Ağaverdiyeva qələbə qazanaraq aktivlərinə tam xal yazıblar. Türkan Məmmədyarova, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Zeynəb Məmmədyarova və Lalə Hüseynova isə partiyalarını heç-heçə ilə başa vurublar. Gülnar Məmmədova, Səbinə İbrahimova və Mələk İsmayıl üçün isə ikinci tur məğlubiyyətlə nəticələnib.
Göstərdiyi inamlı oyunla diqqət mərkəzində olan 2024-cü ilin Avropa çempionu Ülviyyə Fətəliyeva hələlik məğlubiyyətsiz irəliləyir. İki turun yekununa görə maksimum nəticə (2 xal) göstərən təmsilçimiz turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 166 şahmatçının iştirak etdiyi qitə birinciliyi İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Gərgin keçən mübarizə iyunun 5-də başa çatacaq.