Türkiyə 1-ci Liqa təmsilçisi “Kocaelispor”un prezidenti Recep Durul komandanın yarımmüdafiəçisi Həbib Əli Keyta ilə bağlı gözlənilməz bəyanatla çıxış edib. Klub rəhbəri 22 yaşlı malili futbolçunun icazəsiz olaraq komandanın təlim-məşq toplanışına qatılmadığını bildirib.
“Kocaelispor”un prezidenti yaşananları “ağılsızlıq” adlandıraraq narazılığını belə ifade edib: “Bu, həqiqətən çox xoşagəlməz bir durumdur. Hətta ağlasığmaz bir vəziyyət olduğunu demək olar. Məlumata görə, Keyta bir qadına aşiq olub və nəinki toplanışa, ümumiyyətlə Türkiyəyə qayıtmaq istəmir. O, karyerasını xaricdə davam etdirməyi planlaşdırır. Menecerləri isə zənglərimizə gah cavab verir, gah vermirlər. “Kocaelispor” olaraq bu məsələ ilə bağlı hüquqi müstəvidə addımlar atacağıq”.
Xatırladaq ki, Həbib Əli Keyta ötən mövsüm Fransanın “Klermon” klubundan icarə əsasında “Kocaelispor”da çıxış edib. Türkiyə klubu bu yay gənc futbolçunun transfer hüquqlarına tam yiyələnərək onunla daimi müqavilə imzalamışdı.