Türkiyə futbolunda son günlərin ən diqqətçəkən hadisələrindən biri yaşanıb. Manisa vilayətinin “Turqutluspor” klubu 22 yaşlı Zeynəb Məstanı əsas komandanın baş məşqçisi təyin edib. Beləliklə, gənc mütəxəssis klub tarixində kişi komandasına rəhbərlik edən ilk qadın kimi tarixə düşüb.
Hazırda Türkiyə futbolunun aşağı liqalarında çıxış etməsinə baxmayaraq, “Turqutluspor” olduqca zəngin tarixə malikdir. 1984-cü ildə “Toprakspor” və “Tukaşspor”un birləşməsi nəticəsində yaranan klub ən böyük uğurlarını 1990-cı illər və 2000-ci illərin əvvəllərində imza atıb. Bir neçə dəfə Türkiyənin ikinci divizionunda (o vaxtkı TFF 1-ci Liqası) mübarizə aparan Manisa təmsilçisi Superliqaya vəsiqə qazanmağın bir addımlığında olub.
Uzun illər peşəkar liqaların daimi iştirakçısı olan klub son illərdə ciddi tənəzzül dövrünü yaşayır. Maliyyə böhranı səbəbindən peşəkar futboldan uzaqlaşaraq həvəskarlar liqasına yuvarlanan komanda, ötən mövsüm tarixinin ən pis günlərini yaşayaraq ölkə futbolunun 6-cı divizionu sayılan Manisa Super Həvəskarlar Liqasına düşüb.
Hər şeyə sıfırdan başlamaq qərarına gələn rəhbərlik bu məsuliyyətli işi olduqca gənc bir mütəxəssisə həvalə edib. 2004-cü il təvəllüdlü Zeynəb Məstan məşqçilik fəaliyyətinə başlamazdan əvvəl özü də fəal şəkildə futbolla məşğul olub. O, Türkiyədə bir neçə qadın həvəskar klubunda, o cümlədən İzmir və ətraf bölgələrin komandalarında çıxış edib.
Bu, Zeynəb Məstan üçün ilk ciddi məşqçilik sınağıdır. İndi onun qarşısında komandanı yenidən peşəkar liqalara qaytarmaq kimi çətin vəzifə dururr.
“Turqutluspor”un tarixində bir çox tanınmış isimlər yer alıb. Onların arasında 2010-cu illərin əvvəllərində komandada həm oyunçu, həm də məşqçi kimi çalışmış Türkiyə millisinin sabiq oyuçusu Yusuf Şimşək də var. Kişi futbolunda qadınların, xüsusən də əsas komandanın baş məşqçisi postunda çalışması olduqca nadir hadisə olduğundan, bu inqilabi təyinat Türkiyə idman mediasının və ictimaiyyətinin diqqət mərkəzindədir.