Azərbaycan Yüksək Liqasında qadın voleybolçuların mübarizəsinə yekun vurulub. Paytaxtda keçirilən həlledici qarşılaşmalardan sonra turnirin qalibi və mükafatçıları müəyyənləşib.
Günün əsas hadisəsi — “Turan” və “DH Volley” komandaları arasında keçirilən final qarşılaşması olub. Oyuna inamlı başlayan “DH Volley” ilk seti böyük fərqlə qazansa da, sonradan təşəbbüsü ələ alan Tovuz təmsilçisi ardıcıl üç setdə qələbə çalaraq çempionluğunu elan edib.
Turan – DH Volley – 3:1 (15:25, 25:21, 25:19, 25:23)
Üçüncü yer uğrunda görüşdə isə “Gəncə” voleybolçuları Milli Aviasiya Akademiyası komandası ilə üz-üzə gəliblər. Rəqibinə heç bir şans tanımayan Gəncə təmsilçisi quru hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Milli Aviasiya Akademiyası – Gəncə – 0:3 (18:25, 21:25, 21:25)
Turnirin sonunda fərdi mükafatlar da öz sahibini tapıb. Çempion “Turan”ın heyətində mövsüm boyu stabil və parlaq oyunu ilə seçilən Marta Hrka Yüksək Liqanın ən dəyərli oyunçusu (MVP) adına layiq görülüb.