“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski karyerasını ölkəsində davam etdirəcək. 26 yaşlı qolkiperin yeni ünvanı Polşa Ekstraklasasının debütantı “Vyeçista” (Krakov) olacaq.
Polşanın nüfuzlu “Weszło” və “Przegląd Sportowy” nəşrlərinin məlumatına görə, Krakov təmsilçisi transfer pəncərəsinin son günlərində “Qarabağ”la tam razılıq əldə edib. Ağdam klubunun bu satışdan təxminən 500 min avro gəlir əldə edəcəyi bildirilir.
Çempionlar Liqasında göstərdiyi inamlı oyunla diqqətləri üzərinə çəkən Koxalskinin adı bir müddət İngiltərə Premyer Liqası təmsilçiləri, hətta Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə hallanırdı. Bütün bu şayiələrə və gözləntilərə rəğmən, polşalı qapıçı gözlənilmədən ölkə çempionatının debütantını seçib. Polşa mətbuatı 500 min avroluq satınalma məbləğini “Vyeçista” üçün kifayət qədər sərfəli sövdələşmə kimi qiymətləndirib.
“Qarabağ” Koxalskini 2024-cü ilin yayında təxminən 1 milyon avro təzminat ödəyərək heyətinə cəlb etmişdi. Təcrübəli əlcək sahibi təmsilçimizin formasında ümumilikdə 76 rəsmi qarşılaşmada iştirak edib. O, cari mövsümdə şans qazandığı 7 matçın 4-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Varşava “Legiya”sının yetirməsi olan Koxalski Ekstraklasa karyerasına “Stal”da (Melets) başlayıb, daha əvvəl isə “Radomyak” (Radom) klubu ilə yuxarı diviziona vəsiqə qazanıb.