ABŞ prezidenti Donald Tramp, komandanın ulduz futbolçusu Folarin Kolo Balonqunun qırmızı vərəqəsinin ləğv edilməsi üçün FİFA-ya şəxsən müdaxilə etdiyini təsdiqləyib.
Politico nəşrinin yaydığı məlumata görə, ABŞ – Bosniya və Herseqovina matçından dərhal sonra amerikalı yüksək rütbəli rəsmilər və şəxsən Donald Tramp Balonqunun diskvalifikasiyasının ləğv olunması üçün FİFA-ya ciddi lobbiçilik təzyiqləri göstərdiklərini bildirmişdir.
Mətbuat konfransında bu iddiaları doğrulayan Tramp, məsələyə müdaxilə etdiyini gizlətməyib: “Mən FİFA prezidenti Canni İnfantino ilə danışdım və vəziyyətə yenidən baxılmasını xahiş etdim. Balonqun bizim ən yaxşı oyunçularımızdan biridir və ona verilən cəza ədalətsiz idi. Mən onlara nə etməli olduqlarını demədim, sadəcə epizodu yenidən nəzərdən keçirməyi məsləhət gördüm. Komitə də yekunda doğru qərarı verdi”.
Tramp, Balonquna qırmızı vərəqə göstərən braziliyalı referi Rafael Klausun qərəzli olduğunu iddia edib: “Bu hakimin keçmişinə baxsanız, şübhəli məqamlar görərsiniz. Mübahisə yaratmaq istəmirəm, amma o, etibarlı təsir bağışlamır. Epizodda qayda pozuntusu yox idi, sadəcə iki oyunçu toqquşmuşdu. İdmandan yaxşı anlayıram, özüm də vaxtilə yaxşı idmançı olmuşam. Messi, Ronaldu və ya Harri Keyni belə bir təsadüfi toqquşmaya görə oyundan kənarlaşdırsaydılar, bu, turnirə ləkə vurardı.”
Çıxışının sonunda Belçika xalqına müraciət edən ABŞ prezidenti, qarşıdakı matçla bağlı qalmaqallı bəyanat səsləndirib: “Matç möhtəşəm olacaq, hər iki komanda tam heyətlə meydana çıxacaq. Əgər Belçika bizi bərabər şərtlərdə məğlub etsə, bununla fəxr edə bilərlər. Yox, əgər qalib gəlsələr… Onda deyəcəm ki, bu oyun da 2020-ci il seçkiləri kimi saxtalaşdırılıb”.