Şotlandiya futbolunun iki nəhəngi – “Seltik” və “Reyncers” arasında keçiriləcək bütün “Qlazqo derbi”ləri cari mövsümün sonuna qədər səfər azarkeşləri olmadan oynanılacaq. Şotlandiya Peşəkar Futbol Liqası (SPFL) klublarla aparılan məsləhətləşmələrdən sonra bu qərarı rəsmiləşdirib.
Yeni qayda ilə bağlı ilkin razılaşma martın 8-də “Reyncers”in ev stadionu olan “Aybroks”da baş tutan Şotlandiya Kubokunun 1/4 final matçından sonra əldə olunub. SPFL, hər iki klub rəhbərliyi və Şotlandiya polisinin iştirakı ilə aparılan müzakirələrdə həmin görüşdəki hadisələrin müstəqil araşdırmasının nəticələri əsas götürülüb.
Xatırladaq ki, əsas vaxtı qolsuz bitən və “Seltik”in penaltilər seriyasında qələbə qazandığı həmin derbi matçı böyük iğtişaşlarla yadda qalmışdı. Hər iki komandanın azarkeşləri meydana daxil olaraq kütləvi davaya səbəb olmuş, meydana məşəllər atılmışdı. Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün polis və stüardlar kordon yaratmaq məcburiyyətində qalmış, futbolçular isə təhlükəsizlik məqsədilə meydanı tələsik tərk etmişdilər.
SPFL-in açıqlamasında azarkeşlərin və oyunçuların təhlükəsizliyinin əsas prioritet olaraq qaldığı vurğulanır. Bununla belə, qurum qapını tam bağlamayıb: mövsüm ərzində təhlükəsizliklə bağlı vəziyyət müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişərsə, bu qərara yenidən baxıla bilər.
Qeyd edək ki, tarixi 1888-ci ilə gedib çıxan və “Old Firm” adı ilə tanınan “Qlazqo derbisi” dünya futbolunun ən qədim, ən gərgin və barışmaz qarşıdurmalarından biridir. Bu rəqabətin kökündə sadəcə idman deyil, həm də dərin siyasi və dini fikir ayrılıqları dayanır.