“San-Siro” stadionunda “Milan” azarkeşlərinin narazılığı pik həddə çatıb. “Kalyari”yə 1:2 hesabı ilə uduzan “rossonerilər”in Çempionlar Liqasına vəsiqə şansını son anda əldən verməsi tribunaları ayağa qaldırıb. Qələbə təqdirdə “ilk dördlük”dəki yerini təmin edəcək komandanın məğlubiyyəti azarkeşlərin səbrini daşırıb.
Tribunalardakı gərginlik hələ matçın start fitindən əvvəl özünü büruzə verib. Stadiona yürüş edən fanatlar klub rəhbərliyinə qarşı sərt mesajlar ehtiva edən plakatlar qaldırıblar. Şüarlardan biri klubun icraçı direktoru Corco Furlaniyə ünvanlanıb: “Furlani, buradan rədd ol!”
Lakin hədəf tək o olmayıb. İkinci bir bannerdə isə klubun digər rəsmiləri birbaşa hədəfə alınıb: “İbra, Monkada və Skaroni – siz də dərhal klubu tərk edin!”
Klubun sahibləri və rəhbər heyəti üçün məsləhətçi qismində çalışan Zlatan İbrahimoviç azarkeşlərin hədəfindəki əsas fiqurlardan biridir. “Gazzetta dello Sport”un məlumatına görə, matçdan sonra stadionu tərk edərkən İbrahimoviç azarkeşlərin ağır təhqirləri ilə üzləşib. Məlumatlara görə, stadionun avtodayanacağında isveçli ulduza qarşı ciddi narazılıqlar ifadə olunub və o, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, azarkeşlərin istefasını tələb etdiyi siyahıda klubun prezidenti Paolo Skaroni və texniki direktor Ceffri Monkada da yer alır. “Milan” üçün mövsümün həlledici məqamında yaşanan bu daxili gərginlik, komandada dərin struktur islahatlarına ehtiyac olduğunu bir daha təsdiqləyir.