“KuPS”un yarımmüdafiəçisi Sayku Turay Avrokubokların II təsnifat mərhələsində “Sabah”a qarşı keçiriləcək həlledici cavab oyunu öncəsi iddialı açıqlama verib.
Finlandiya təmsilçisi şənbə günü Veikkausliqanın növbəti turunda “VPS”i 3:1 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb. Həmin görüşdə 60 dəqiqə meydanda olan 26 yaşlı qambiyalı yarımmüdafiəçi yerli çempionatdakı uğurlu çıxışın Avropa arenasında da komandaya əlavə motivasiya verdiyini bildirib.
Turay Bakıda “Sabah”a 0:1 hesabı ilə uduzduqları ilk oyunun yüksək tempdə keçdiyini etiraf edib: “Bəlkə də, ilk oyunda “Sabah”ın tempinə tam uyğunlaşa bilmədik. Qarşılaşma çox yüksək sürətlə keçirdi. Ancaq düşünürəm ki, həmin matçdan sonra cavab görüşünə daha yaxşı hazırlaşmışıq. Nə etməli olduğumuzu bilirik və növbəti mərhələyə yüksəlmək üçün kifayət qədər şansımız var”.
Fiziki durumunun yaxşılaşdığını deyən Turay dolu tribunalar önündə komandasına maksimum dəstək verməyə hazır olduğunu vurğulayıb: “Mən sadəcə meydanda öz işimi görürəm. KuPS-a qoşulduğum ilk gündən yanaşmam dəyişməyib. Məşqçilər korpusu mənə nə vaxt şans versə, həmişə hazıram. Əgər “Sabah”la oyunda start heyətində yer alacağamsa, komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Keyfiyyətli hazırlıq bizim gündəlik işimizin ayrılmaz hissəsidir. Növbəti matça tam hazır olmaq üçün lazım olan hər şeyi etməliyik”.
Qeyd edək ki, “Sabah”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlməsi üçün Finlandiyada keçiriləcək cavab oyununda heç-heçə də kifayət edəcək.