“Araz-Naxçıvan” yeni mövsüm öncəsi heyətini təcrübəli futbolçu ilə gücləndirib. Naxçıvan təmsilçisi Bosniya və Herseqovinadan olan müdafiəçi Boyan Letiçlə rəsmi müqavilə bağlayıb.
Klubun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı sol cinah müdafiəçisi 2026/2027-ci illər mövsümündə “qırmızı-ağlar”ın şərəfini qoruyacaq.
Ölkəmizdəki futbolsevərlərə yaxşı tanış olan Boyan Letiçin son ünvanı “Sabah” olub. Təcrübəli müdafiəçi karyerası ərzində bir sıra ölkələrin çempionatlarında çıxış edərək böyük təcrübə toplayıb. O, müxtəlif illərdə “Kozara Qradişka”, “Borac Şamaç”, “Velej Mostar”, “Karvina”, “Sarayevo”, “Radniçki Niş” və İspaniyanın “Mirandes” klublarının da formasını geyinib.
Yeni mövsümə iddialı heyətlə başlamaq istəyən Naxçıvan təmsilçisi transfer pəncərəsində yüksək fəallığı ilə diqqət çəkir. Klub Letiçə qədər heyəti genişmiqyaslı şəkildə yeniləyib.
İndiyədək Tərlan Əhmədli, Ömər Buludov, Mamadu Kane, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilələr imzalanıb.