Yeni mövsümün hazırlıqlarını Avropada davam etdirəcək Bakının “Sabah” klubunun Avstriyadakı yoldaşlıq oyunlarında qarşılaşacağı rəqiblər dəqiqləşib. Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Tirol bölgəsində təlim-məşq toplanışı keçəcək “bayquşlar” təlim-məşq prosesi çərçivəsində üç ciddi sınaq matçında qüvvəsini sınayacaq.
“Sabah”ın yoldaşlıq oyunlarının təqvimi aşağıdakı kimidir:
24 iyun: “Sabah” – “Universitatya Krayova” (Rumıniya)
28 iyun: “Sabah” – “Ferentsvaroş” (Macarıstan)
2 iyul: “Sabah” – “Polissya” (Ukrayna)
Rəqiblər arasında xüsusilə Macarıstan birinciliyinin gümüş mükafatçısı və avrokubokların daimi iştirakçısı olan “Ferentsvaroş”la qarşılaşma diqqət çəkir. Bu matç “Sabah” üçün Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlıq baxımından ciddi bir sınaq olacaq.
Xatırladaq ki, iyunun 20-də Bakıda bir araya gələn komanda, hazırlığın ikinci mərhələsini keçirmək üçün Avstriyaya yollanacaq.