“Sabah” futbol klubu heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. Paytaxt təmsilçisi ötən ilin sentyabrından icarə əsasında komandada çıxış edən polşalı müdafiəçi Timoteuş Puxaçın transfer hüquqlarını Almaniyanın “Holştayn” klubundan birdəfəlik alıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, Almanlarla aparılan danışıqlar uğurla yekunlaşıb. 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Puxaç “bayquşlar”ın heyətində keçirdiyi qısa müddət ərzində komandanın əsas simalarından birinə çevrilib. Cari mövsümdə meydana çıxdığı 33 matçda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalan cinah müdafiəçisi, komandanın hücum potensialına böyük töhfə verib.