Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edib. Masazırdakı “Bank Respublika Arena”da baş tutan qarşılaşma azarkeşlərə əsl futbol dramı, bol qol və matçsonu gərginlik bəxş etdi.
İlk hissədə “Qarabağ” oyuna nəzarəti ələ alaraq rəqibini müdafiə olunmağa məcbur edirdi. Ağdam təmsilçisi topa sahib olmada üstünlük qazansa da, real qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdi. “Sabah” isə buna kəsərli əks-hücumlarla cavab verirdi. Xüsusilə Mikkels və Puhaçın təhlükəli zərbələri zamanı “Qarabağ”ın qapıçısı Mateuş Koxalski inamlı çıxışı ilə diqqət çəkdi.
Lakin 36-cı dəqiqədə oyunun gedişatını dəyişən mühüm epizod yaşandı. “Bayquşlar”ın sürətli əks-hücumu zamanı qapısını tərk edərək qaydanı pozan Koxalski birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. Bu qərardan sonra Qurban Qurbanov hücum xəttindən Leandro Andradeni qurban verərək ehtiyat qapıçı Fabiyan Buntiçi meydana buraxmaq məcburiyyətində qaldı.
Fasilədən sonra azlıqda oynamasına baxmayaraq, hesabı açan tərəf “Qarabağ” oldu. 59-cu dəqiqədə İqor Noqeyranın kobud səhvindən ustalıqla istifadə edən Kamilo Duran sürətlə irəliləyərək Pokatilovla üzbəüz qaldı və baxımlı qolla komandasını önə keçirdi.
Bu qoldan dərhal sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas hücum təzyiqini artıraraq rəqibi öz cərimə meydançasına sıxışdırdı. Oyun boyu sağ cinahda fəallığı ilə seçilən Aaron Maludanın reydləri 78-ci dəqiqədə bəhrəsini verdi. Onun qapıya endirdiyi zərbədən sonra müdafiəçilərdən dönən topu Velko Simiç tora qovuşduraraq tarazlığı bərpa etdi. Oyunun taleyini isə Dambrauskasın 74-cü dəqiqədəki uğurlu əvəzləməsi həll etdi. Meydana daxil olan Orfi Mbina 88-ci dəqiqədə adını tabloya yazdıraraq “Sabah”a qələbə qazandırdı.
Qarşılaşmanın final fitindən sonra meydanda və paltardəyişmə otağına gedən tuneldə arzuolunmaz hadisələr yaşandı. “Qarabağ”ın futbolçuları baş hakim Rəvan Həmzəzadənin qərarlarına kəskin etirazlarını bildirdilər. Hakimlər otağına gedən yolda gərginlik daha da böyüyüb və Ağdam klubunun üzvləri ilə “Sabah”ın mühafizə xidmətinin əməkdaşları arasında fiziki qarşıdurma baş verib.
Bu nəticədən sonra iki oyunun cəminə (2:2, 2:1) əsasən finala yüksələn “Sabah” həlledici matçda “Turan Tovuz”u mübarizədən kənarlaşdıran “Zirə” ilə qarşılaşacaq.
SABAH – QARABAĞ 2:1 (0:0)
Qollar: Duran, 59 (0:1), Simiç, 78 (1:1), Mbina, 88 (2:1)
ilk oyun: 2:2.
Baş hakim: Rəvan Həmzəzadə
Sabah: Stas Pokatilov (k), Coy-Lans Mikkels, Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Stiv Solvet, Timoteuş Puhaç, İvan Lepinitsa, Aleksey İsayev, Aaron Maluda, Umarali Raxmonaliyev (Orfi Mbina, 74).
Qarabağ: Mateuş Koxalski, Toral Bayramov, Kevin Medina (k), Marko Yankoviç, Kadi, Mateus Silva, Dani Bolt, Leandro Andrade (Fabiyan Buntiç, 41), Pedro Bikalyo, Emmanuel Addai (Musa Qurbanlı, 90), Kamilo Duran.
Sarı vərəqələr: Solvet, 12. Noqeyra, 12. Pokatilov, 17. Maluda, 44.
Qırmızı vərəqə: Koxalski, 36 (birbaşa).